Gündəm 27.10.2025

Hikmət Hacıyevin şahid çağırışı tələb olundu

Hikmət Hacıyevin şahid çağırışı tələb olundu

"Toplum TV İşi" üzrə məhkəmə: Şahidlər ifadələrindən imtina etdi

Oktyabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” ilə bağlı növbəti iclas keçirilib. Hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə iş üzrə şahidlərin dindirilməsinə start verilib.

Məhkəmədə “Toplum TV”nin jurnalistləri üçün təlimlərdə iştirak etmiş və digər şəxslər “Toplum TV işi” ilə əlaqədar şahid qismində dindirilib. Onlara istintaq dövründə verdikləri ifadələr barədə suallar ünvanlanıb. Bir neçə şahid istintaqa verdikləri ifadələrin təzyiq altında alındığını iddia edərək həmin ifadələrdən imtina edib.

Dindirmə zamanı təqsirləndirilən şəxslərdən biri, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov hakimin şahidlərin çıxışlarına müdaxilə etdiyini və onların ifadələrinə təsir etməyə çalışdığını bildirərək etirazını ifadə edib.

Şahidin telefon şifrəsi və vəkilin etirazı

Şahidlərdən biri istintaq zamanı telefon şifrəsinin ondan məcburi şəkildə alındığını qeyd edib. Bu səbəbdən müdafiə tərəfinin vəkili Zibeydə Sadıqova hakimə şahidin telefonundan əldə edilmiş məlumatlarla bağlı sualların verilməsinin qəbuledilməz olduğunu deyib.

Hikmət Hacıyevin məhkəməyə çağırılması tələbi

Digər bir şahidin dindirilməsi zamanı təqsirləndirilən şəxslərdən Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Əli Zeynal müdaxilə edərək şahidin təqsirləndirilənlərdən heç kimi tanımadığını vurğulayıb və onun əvəzinə prezidentin köməkçisi Hikmət Hacıyevin məhkəməyə çağırılmasının zəruri olduğunu qeyd edib. Hakim səbəbi soruşduqda isə digər təqsirləndirilən şəxs, III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli Hikmət Hacıyevin COP29 tədbirində verdiyi açıqlamanı xatırladıb. Hikmət Hacıyev həmin açıqlamada "Toplum TV" əməkdaşları da daxil olmaqla həbs edilən jurnalistlərin qaçaqmalçılıq törədərək Azərbaycan qanunlarını pozduğunu iddia etmişdi.

Ə.Zeynal və R.İzzətli bildiriblər ki, əgər prezidentin köməkçisi Hikmət Hacıyevdə belə faktlar varsa, o, məhkəməyə çağırılaraq dindirilməlidir. Qeyd edək ki, Əli Zeynal əvvəlki proseslərin birində də Hikmət Hacıyevin ifadə verməsini tələb etmişdi.

İttihamlar və növbəti dinləmə

Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. Həbs edilənlər arasında III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun təsisçi üzvü Ruslan İzzətli, "Toplum TV"-nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev yer alır. Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, "Toplum TV" redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılsa da, daha sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib.

Toplum TV işi” üzrə həbs edilənlər ilkin olaraq qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb. Onlar ittihamları rədd edir və siyasi sifariş əsasında həbs olunduqlarını bəyan edirlər. Növbəti məhkəmə prosesi noyabrın 3-ə təyin olunub və şahidlərin dindirilməsi ilə davam edəcək.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz